Təpədölək – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km cənub-şərqdə, dəniz səviyyəsindən 1530 m hündürlükdə yerləşir. Kəndin başqa adı erməni müəlliflərinin əsərlərində “Təpədöllək”, “Təpədəlik” kimi də göstərilir.
Burada 1809-cu ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1810–1815-ci illərdə Türkiyənin Ələşkirt və Ərzurum vilayətlərindən köçürülüb yerləşdirilmişlər.
Toponim Azərbaycan dilində “qayalıq, dağlıq yer” mənasında işlənən “təpə” sözü ilə “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Dönə bilməz Dölək Uran şəxs adındakı “Dölək” sözü əsasında əmələ gəlmişdir. “Döləyə məxsus təpə” anlamını verir. Antropotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə dəyişdirilərək “Arevik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°44′ şm. e., 43°53′ ş. u.