Hacı Nəzər – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 9 km şimal-şərqdə, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində “Hacı Nəzər qulu” kimi də göstərilir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin XIX əsrdə Türkiyənin Muş vilayətindən köçürülüb bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhalisi kəndi tədricən tərk etmişdir.
Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Toponim onun adı əsasında əmələ gələn antropotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kamo” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°49′ şm. e., 43°56′ ş. u.