Dərbənd

Dərbənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km şimalda, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. Kənd 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.

Toponim fars dilində “keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer” mənasında işlənən “dər” və “bənd” sözlərindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Karmrakar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°52′ şm. e., 43°53′ ş. u.