Qarabulaq

Qarabulaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 25 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, dəniz səviyyəsindən 1470 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.

Kəndin adı buradakı bulağın adından götürülmüşdür. “Keyfiyyətsiz, içməyə yararlı olmayan” mənasını bildirən “qara” sözü ilə və “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1945-ci il kəndin adı dəyişdirilərək “İsahakyan” (erməni yazıçısı Avetik İsahakyanın soyadıdır) adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°37′ şm. e., 43°43′ ş. u.