Bozdoğan – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 35 km cənub-qərbdə, Arpaçaydan 8 verst aralıda, dəniz səviyyəsindən 1570 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülərək İrəvan xanlığının ərazisində məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim oğuzlara məxsus bozdoğan adlı türk tayfasının adından formalaşmışdır. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sarakap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°33′ şm. e., 43°43′ ş. u.