Ağin – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22-23 km cənub-qərbdə, Arpaçayın kənarında, vilayət mərkəzi Gümrüdən 28 km cənub-qərbdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ağit” kimi, Qafqazın beşverstlik xəritəsində “Ağin” formasında qeydə alınmışdır.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829–1830-cu illərdə Türkiyənin Muş, Ələşkirt, Ərzurum vilayətlərindən, 1877–1878-ci illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişlər.
Toponim qədim türk dilində “uca, hündür, böyük” mənasında işlənən “ağ” sözü ilə qədim türk dilində “daxma, koma, mağara” mənasında işlənən “in” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ani” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°35′ şm. e., 43°42′ ş. u.