Tomardaş

Tomardaş – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 15 km cənub-qərbdə, Qotur çayının sağ sahilində, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Tumardaş kimi qeydə alınmışdır.

Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin İrəvan xanlığının ərazisinə köçürülərək məskunlaşdırılmasından sonra kəndin köklü sakinləri olan azərbaycanlılar Türkiyəyə köç etmişlər.

Toponim türk dilində “yamyaşıl bitkilər və yeraltı (qrunt) sularla dopdolu bataqlıq, təpəcik, daşlıq, kəsəkli yer”, “dağda, meşəsiz yerdə bataqlıq” mənasında işlənən “tomar” sözündən və “dağ, qaya” mənasında işlənən “daş” sözündən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardakar” (Güllüdaş) qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 43°55′ ş. u.