Kutniqışlaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 20 km cənub-şərqdə, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Qütbi qışlağı” formasında qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, 1830-cu ildə Qars paşalığından ermənilərin köçürülüb kənddə yerləşdirilməsindən sonra əhalisi Türkiyəyə köç etmişdir.
Toponim “dağ çıxıntısı, dağ qolu” mənasında işlənən “kut” sözünə Azərbaycan dilində “qoyun və başqa heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri” mənasında işlənən “qışlaq” sözünün birləşməsi ilə əmələ gəlib “dağ çıxıntısı yanında yerləşən qışlaq” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə dəyişdirilərək “Hovtaşe” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 43°54′ ş. u.