Kiçik Arıxvəli – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 28 km cənub-şərqdə, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Ermənilər kəndə 1828–1829-cu illərdə Türkiyənin Qars, Muş və Xnıs vilayətlərindən köçürülüb yerləşdirilmişlər.
Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən “kiçik” sözündən və arıxlı tayfasının adını əks etdirən “arıx” sözü ilə Vəli şəxs adının birləşməsindən əmələ gəlib “arıxlı tayfasından olan Vəliyə məxsus kənd” mənasını verir. Zaman keçdikcə “Arıxvəli”nin özü etnonimə çevrilmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Pokr Mantaş” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°39′ şm. e., 44°03′ ş. u.