İmirxan – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 17 km qərbdə, dəniz səviyyəsindən 1560 m hündürlükdə yerləşir. Kəndin digər adı “Əmirxan”, “İmirxanlı” kimi göstərilir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “İmirxanlı” kimi, Qafqazın beşverstlik xəritəsində “İmirxan” formasında qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.
Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına “xan” sözünün qoşulmasından əmələ gəlmişdir və “eymur//imir tayfasından olan xana məxsus kənd” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Saratak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 43°51′ ş. u.