Böyük Arıxvəli – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 29 km cənub-şərqdə, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim arıx tayfa adı və Vəli şəxs adından törəmişdir. “Arıxlar tayfasından olan Vəliyə mənsub yaşayış yeri” deməkdir. Toponimin əvvəlindəki “böyük” fərqləndirici əlamət bildirir ki, bu da Azərbaycan toponimiyası üçün xarakterikdir. “Arıx” etnonimi mənbələrdə “arıxlı” formasında öz əksini tapır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Mets Mantaş” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°38′ şm. e., 44°03′ ş. u.