Armudlu

Armudlu – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 26 km cənub-şərqdə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1829–1830-cu illərdə Türkiyənin Ələşkirt və Muş vilayətlərindən köçürülüb yerləşdirilmişlər.

Toponim “armud” bitki adına çoxluq mənası bildirən “-lu” şəkilçisinin artırılması ilə düzəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tufaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°36′ şm. e., 43°54′ ş. u.