Südlübulaq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. Erməni mənbələrində “Suddi bulaq” formasında əksini tapmışdır.
Kənddə 1897-ci ildə 70 nəfər, 1914-cü ildə 28 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Azərbaycan dilində “keyfiyyətli, içməyə yararlı, süd kimi ağ” mənasında işlənən “südlü” sözü ilə “bulaq” sözünün birləşməsi əsasında əmələ gəlmişdir.