Təkərli

Təkərli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 16 km şimal-qərbdə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilərin Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar tədricən kəndi tərk etmişlər. Kənddə 1829-cu ildə Türkiyənin Ələşkert və Diadin şəhərlərindən və 1877-ci illərdən isə Muş və Sasun bölgələrindən gələn ermənilər məskunlaşdırılmışdır.

Toponim “təkəli” türk etnonimi (erməni müəlliflərinin əsərlərində təkəli tayfasının adı həm də “təkərli” formasında qeyd edilir) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F.Sümər təkəli tayfasının oğuzların dülqədirli elindən olduğunu göstərir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsağkaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°30′ şm. e., 44°20′ ş. u.