Şirəqala – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 16 km şimalda, Abaran çayının sağ qolu üstündə, Duluçay çayının sahilində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Abaran nahiyəsində “Şirəqala” kimi qeydə alınmışdır.
Erməni müəlliflərinin əsərlərində 1914-cü ildə burada 1172 nəfər azərbaycanlının yaşadığı göstərilir. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, İran və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim “gil növü, mavi gil” mənasında işlənən “şirə” sözünə, “istehkam, müdafiə tikilisi”, “həbsxana, zindan” mənasında işlənən “qala” sözünün qoşulması nəticəsində əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardenut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 44°21′ ş. u.