Qundaxsaz – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 11 km məsafədə, Abaran çayının sahilində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Qondaksaz”, “Qondaxsaz” formalarında, Qafqazın beşverstlik xəritəsində “Kondaxsaz” kimi qeydə alınmışdır.
1877–1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdləri kənddə məskunlaşdılmışdır. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər.
Toponim türk dilində “silah qundağı” mənasında işlənən “kundak” sözü ilə türk dilində “bataqlıq, torpaq (qrunt) suların çıxdığı yerin bataqlaşmış sahəsi, gil” mənalarında işlənən “saz” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Rya Taza” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°39′ şm. e., 44°18′ ş. u.