Qırxdəyirman

Qırxdəyirman – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 57 km şimal-qərbdə, Qarabulaq çayının yanında, Alagöz dağının ətəyində, 2150 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişdir.

Toponim türk dilində söz birləşməsi daxilində “qırx” sözünün həm də “kiçik” mənasını ifadə etdiyini (kırk anbar) nəzərə alıb bu qənaətə gəlmək olar ki, Qırxdəyirman “Kiçik dəyirman” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hnaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°38′ şm. e., 44°08′ ş. u.