Qaranlıq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 34 km şimalda, Abaran çayının sahilində, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.
Toponim türk dilində “dağ, təpə, zirvə” mənasında işlənən “qara” sözünə “-lıq” şəkilçisinin artırılması ilə əmələ gəlib “dağlıq yerdə olan kənd” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lusaqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°36′ şm. e., 44°22′ ş. u.