Gözəldərə

Gözəldərə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 55 km şimal-qərbdə, Qırxdəyirman kəndinin yaxınlığında, dəniz səviyyəsindən 2190 m hündürlükdə yerləşir.

Kənddə 1831-ci ildə 63 nəfər, 1873-cü ildə 413 nəfər, 1886-cı ildə 509 nəfər, 1897-ci ildə 618 nəfər, 1914-cü ildə 413 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kəndin köklü sakinləri olan azərbaycanlılar 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən soyqırıma məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1919–1920-ci illərdə Türkiyənin Muş, Bitlis, İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Azərbaycan toponomiyasında “axar-baxarlı, cəlbedici, füsunkar, gözəl təbii mənzərəsi olan” mənasında işlənən gözəl sözü ilə, Azərbaycan dilində “iki dağ arasında, düzənlikdə dərin çuxur” mənasında işlənən “dərə” sözü əsasında formalaşan “gözəldərə” sözündən yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Gexadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°37′ şm. e., 44°10′, ş. u.