Cəngitəpə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 48 km şimal-qərbdə, Abaran çayının yanında, dəniz səviyyəsindən 2075 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.
Toponim “meşə örtüyü olmayan dağ”, “meşəsiz dağ” mənasında işlənən “cəngi” sözü ilə “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardablur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 44°13′ ş. u.