Qoytur

Qoytur (Qoytul) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 4 km qərbdə, Arpa çayın sağ qolu Qoytul çayının yaxınlığında, dəniz səviyyəsindən 1170 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Qoytul”, “Kotur” formalarında da göstərilir.

Ermənilər kəndə 1828–1830-cu illərdə İrandan köçürülüb yerləşdirilmişdir. onlarla yanaşı 1897-ci ildə 36 nəfər, 1926-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır. 1928–1930-cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “dərənin dibi” mənasında işlənən “koy” (→qoy) sözü ilə “möhkəmləndirilmiş yaşayış yeri, qala”, “çəpərlənmiş təpə” mənasında işlənən “tur” sözünün birləşməsindən əmələ gəlmişdir. “Tur//tura” sözü “durr” formasında tarixi və coğrafi ədəbiyyatda “dərə”, “aşırım”, “dağ keçidi” mənalarında işlənmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Getap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°45′ şm. e., 45°18′ ş. u.