Qarnıyarıq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Hrazdan şəhərinin şimal-qərbində yerləşirdi. “İrəvan əyalətini icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Karvansara” olmuşdur. Köhnə karvansaranın divarları indi də qalır.
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilərin Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar tədricən kəndi tərk etmişlər. Ermənilərlə yanaşı, 1897-ci ildə kənddə 50 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələri kənddə qırğınlar törətmişlər. Axta (Hrazdan) şəhərinin genişləndirilməsi nəticəsində kənd şəhərə birləşdirilərək 1960-cı ildə ləğv edilmişdir.
Toponim “kiçik arx, kiçik su yolu” mənasında işlənən “qarnım” sözü əsasında formalaşan “qarın” sözü ilə, türk dilində “yer səthində olan çay”, “yarılmış yer”, “dərə” mənasında işlənən “yarıq” sözünün birləşməsindən əmələ gəlmişdir.