Qaraqaya

Qaraqaya – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Erdəpin kəndinin yaxınlığında, Arpa çayının sağ tərəfində, dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 141 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 259 nəfər, 1904-cü ildə 177 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 303 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan sakinləri ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 193 nəfər, 1926-cı ildə 97 nəfər, 1931-ci ildə 140 nəfər, 1939-cu ildə 161 nəfər, 1959-cu ildə 152 nəfər, 1970-ci ildə 133 nəfər, 1979-cu ildə 208 nəfər, 1987-ci ildə 400 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində rəng mənasında işlənən “qara” sözü ilə “dağ” mənasında işlənən qaya sözündən əmələ gəlmişdir.

Kəndin adı dəyişdirilərək “Sevajayr” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 45°28′ ş. u.