Dəllər

Dəllər – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Axta (Hrazdan) yaşayış məntəqəsindən 13 km şimal-qərbdə, Zəngi çayının qolu olan Dəllər çayının sahilində, Zincirli dağının ətəyində yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 181 nəfər, 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 385 nəfər, 1914-cü ildə 597 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Hun tayfa birliyinə daxil olan “tele” (dəli) türk etnonimi əsasında formalaşmışdır. “-lər” cəmlik bildirən şəkilçidir.