Qorçulu

Qorçulu – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir qolu olan Böyükçayın sağ və sol sahilində, dəniz səviyyəsindən1800 m hündürlükdə yerləşir.

Kənddə 1831-ci ildə 82 nəfər, 1873-cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 300 nəfər, 1914-cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz doğma torpaqlarına dönə bilmişlər. 1918–1920-ci illərdə kənddə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə kənddə 142 nəfər, 1926-cı ildə 148 nəfər, 1931-ci ildə 195 nəfər, 1987-ci ildə 250 nəfərə yaxın azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən “qorçu” sözünə mənsubluq bildirən “-lu” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. “Qorçulara mənsub, qorçuların yaşadığı kənd” mənasını ifadə edir. Qorçulu həmçinin sonradan nəsil mənasını kəsb etmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qanunu ilə kəndin adı dəyişdirilərək “Qorqoç” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°36′ şm. e., 44°37′ ş. u.