Gümüş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında, dəniz səviyyəsindən 1480 m hündürlükdə yerləşmişdir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 48 nəfər, 1873-cü ildə 295 nəfər, 1886-cı ildə 311 nəfər, 1914-cü ildə 796 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. Kənddə ermənilər məskunlaşdırılmışdır.
Ərazidə gümüş filiz yataqları olduğu üçün kənd Gümüş adlandırılmışdır.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Karenis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°23′ şm. e., 44°36′ ş. u.