Ərzəkənd

Ərzəkənd – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 21 km şimal-qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayının sağ tərəfində, Güllü dağının ətəyində, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ərzqan” kimi, Qafqazın beşverstlik xəritəsində “Arzakənd”, erməni müəlliflərinin əsərlərində “Arzakan” formasında qeydə alınmışdır .

Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər bura 1828–1830-cu illərdə İranın Maku, Xoy, Türkiyənin Bəyazid və Muş vilayətlərindən, habelə Tiflisdən köçürülmüşdür. Kənddə 1831-ci ildə 33 nəfər, 1873-cü ildə 239 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 255 nəfər, 1908-ci ildə 528 nəfər, 1914-cü ildə 786 nəfər azərbaycanlı, 1916-cı ildə 1633 nəfər azərbaycanlı və erməni yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1928–1930-cu illərdə azərbaycanlılar zorla öz doğma kəndlərindən qovulmuşlar. İndi kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “ərz” və “kənd” sözlərindən əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Arzakan” kimi verilir. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°26′ şm. e., 44°36′ ş. u.