Dərəçiçək

Dərəçiçək – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində şəhər tipli qəsəbə. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1710 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Dərəçiçək İrəvan xanlarının yaylaq yerləri olmuşdur.

Burada 1897-ci ildə rus və ermənilərlə yanaşı 10 nəfər də azərbaycanlı yaşamışdır. XX əsrin əvvələrində, azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuş və yalnız ermənilər və ruslar burada yaşamağa başlamışlar. Sonralar ruslar da deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “iki dağ arasında dərin çuxur” mənasında işlənən “dərə” sözü ilə Azərbaycan dilində “çiçəkləri olan bitki”, “gül” mənasında işlənən “çiçək” sözünün birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır.

Kəndin adı 1847-ci ildə dəyişdirilərək “Konstantinovka” adlandırılmışdır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı erməni dilinə hərfi tərcümə edilərək “Tsaxqadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°31′ şm. e., 44°43′ ş. u.