Dədəqışlaq

Dədəqışlaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 20 km şimal-qərbdə, Misxana çayının sahilində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 23 nəfər, 1873-cü ildə 196 nəfər, 1886-cı ildə 278 nəfər, 1897-ci ildə 341 nəfər, 1908-ci ildə 428 nəfər, 1914-cü ildə 541 nəfər, 1916-cı ildə isə 442 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinlərindən sağ qalanlar öz doğma evlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 186 nəfər, 1926-cı ildə 237 nəfər, 1931-ci 305 nəfər, 1939-cu ildə 401 nəfər, 1959-cu ildə 455 nəfər, 1970-ci ildə 814 nəfər 1979-cu ildə 925 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında kəndin sakinləri- azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla və qırğınlara məruz qalaraq qovulmuşlar. İndi yalnız ermənilər yaşayırlar.

Toponim təkə türk tayfasının bir tirəsi olan “dədə” etnoniminə “qışlaq” sözünün birləşməsi nəticəsində əmələ gəlib “dədə tayfasına məxsus qışlaq” deməkdir. Etnotoponimdir. Kəndin başqa adı isə “Qayqocalı” olmuşdur. Toponim Qayqocalı şəxs adına mənsubluq bildirən “-lı” şəkilçisinin qoşulması əsasında əmələ gələrək “Qayqocaya məxsus ərazi, yaşayış məntəqəsi” mənasını verir. “Qayqoca” sözünün birinci tərəfi türklərdən bir bölük olan “qayı” etnonimindən və Qoca şəxs adından ibarətdir. “Qayqocalı” toponimi bilavasitə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Axundov”, Ermənistan parlamentinin 4 may 2006-cı il tarixli qərarı ilə yenidən dəyişdirilərək “Pyunik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°36′ şm. e., 44°35′ ş. u.