Babakişi – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 11 km şimal-qərbdə, Misxana çayının yaxınlığında, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir.
Ermənilər bura 1829-cu ildə Türkiyənin Ələşkirt vilayətindən köçürülmüşlər. Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş və burada ermənilər yerləşdirilmişdir. 1926-cı ildə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə kənddə olan 3 nəfər azərbaycanlı da qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim Babakişi şəxs adı əssında əmələ gəlmişdir. Antropotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1948-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Ağavnadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°35′ şm. e., 44°41′ ş. u.