Bcni

Bcni – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda kənd. Hazırkı Kotayk vilayətinin mərkəzi olan Axta (Hrazdan) şəhərindən 14 km cənub-qərbdə, Zəngi çayının sağ sahilində, Zincirli dağının ətəyində, dəniz səviyyəsindən 1610 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Beçni” formasında, Qafqazın beşverstlik xəritəsində “Bicni” kimi qeydə alınmışdır .

Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər bura 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–1830-cu illərdə, eləcə də 1915–1927-ci illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə isə 1309 nəfər azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildən azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1926-cı ildə kənddə 48 nəfər, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim beçenektürk tayfasının adı əsasında yaranmışdır. “Bjni”beçenək” etnoniminin ərəb dilində yazılış formasıdır.

Kəndin ərazisi “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 44°38′ ş. u.