Zeynalağalı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Yelenovka (Sevan) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 25 km şimal-qərbdə, dəniz səviyyəsindən 1925 m hündürlükdə yerləşir.
Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. 1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermənilər yerləşdirilmişlər. Azərbaycanlılar XXəsrin əvvəllərində erməni silahlıları tərəfindən kənddən qovulmuşlar.
Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlib “Zeynalağaya mənsub yer, kənd” deməkdir.
1850-ci illərdə kəndin adı dəyişdirilib “Aleksandrovka” qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 22 fevral 1939-cu il tarixli fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək “Çkalovka” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°30′ şm. e., 44°57′ ş. u.