Küzəcik

Küzəcik – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 7 km şimalda, Kəvər çayının yanında, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada tarixən azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə Türkiyənin Bəyazid vilayətinin kəndlərindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. Erməni silahlı dəstələri 1905-ci ildə Küzəcik kəndində kütləvi qırğınlar törətmişlər. Burada 1918-ci ildə 119 nəfər, 1926-cı ildə isə 1 nəfər azərbaycanlı olmuşdur.

Toponim bayat boyundan olan “güzücəkli” etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lancaxpyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 45°08′ ş. u.