Gülüdüzü

Gülüdüzü – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğenadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 31 km şimal-şərqdə, Erdəpin çayının sol sahilində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Kəndin adına XIII əsr mənbələrində rast gəlinir. Ərazidəki bir daşın üstündə kəndin 1291-ci ildə salındığı qeyd edilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə XIII–XIV əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr mövcuddur. Buradan 4 km şərqdə Canı azərbaycanlı kəndinin xarabalığı yerləşir. Vilayətin ərazisindəki Aşağı Güllüdüzü və Yuxarı Gülüdüzü kəndlərinin 1959-cu illərdə birləşdirilməsi əsasında yaranmışdır. Kənddə 1959-cu ildə 256 nəfər, 1970-ci ildə 362 nəfər, 1979-cu ildə 369 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kəndin sakinləri olan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim “güllü çiçəkli” mənasında işlənən “güllü” sözü ilə “çöl, düzən, düzəngah”, “enişi, yoxuşu, çuxuru olmayan” mənasında işlənən “düz” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan Respublikası prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardahovid” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°53′ şm. e., 45°29′ ş. u.