Gədikvəng – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 4 km şimal-şərqdə, Erdəpin çayının sahilində, Ələyəz çayının yanında, dəniz səviyyəsindən 2210 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı “Qoturvəng”, “Qoduxvəng”, “Gedikvəng” kimi göstərilsə də, kəndin əsil adı “Gədikvəng”dir. Kəndin adına X əsrə aid mənbədə rast gəlinir.
Kənddə 1873-cü ildə 142 nəfər, 1886-cı ildə 201 nəfər, 1897-ci ildə 206 nəfər, 1904-cü ildə 126 nəfər, 1914-cü ildə 138 nəfər, 1916-cı ildə 273 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycalılar öz yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 139 nəfər, 1931-ci ildə 171 nəfər, 1939-cu ildə 313 nəfər, 1970-ci ildə 396 nəfər, 1979-cu ildə 537 nəfər, 1987-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz ata-baba torpaqlarından qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “dağın beli, aşırım”, “dağın belində batıq yer, aşırım, dağ keçidi” mənasında işlənən “gədik” sözü ilə, “dini məbəd, kilsə, abidə” mənasında işlənən “vəng” sözündən əmələ gəlmişdir.
Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq “Getikvank” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°55′ şm. e., 45°28′ ş. u.