Tutiyə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Ellər yaşayış məntəqəsindən 14 km cənub-şərqdə yerləşir. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dətəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 36 nəfər, 1873-cü ildə 280 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 568 nəfər, 1904-cü ildə 493 nəfər, 1914-cü ildə 554 nəfər, 1916-cı ildə 424 nəfər azərbaycanlı yaşamışdır. Erməni silahlı dəstələri ilk dəfə 1905-ci ildə kəndə hücum edərək kütləvi qırğınlar törətmiş, vəziyyət sabitləşəndən sonra kəndin sağ qalan əhalisi geri qayıda bilmişdi. 1918-ci ildə azərbaycanlılara qarşı erməni silahlı birləşmələri yenidən qırğınlar törətmiş, əhalisini kənddən didərgin salmışdır. 1925-ci illərdə burada xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Hazırda kənd ləğv edilmişdir.
Toponim oğuzların üç-ox qolunun başında duran Dad bəy adlı İshaq oğlu Tuti (Dudu) şəxs adına “-iyyə” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.