Əyər – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Kəndin adı Əyər olsa da, mənbələrdə “Ağyar” kimi də qeyd edilir. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur. İlk dəfə XII–XIII əsrlərdə adı çəkilmişdir.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışlar. Ermənilər kəndə 1828–1829-cu illərdə İranın Xoy, Səlmas və Maku vilayətlərindən köçürülmüşdür. Burada ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. İndi yalnız ermənilər yaşayırlar.
Toponim “öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə” mənasında işlənən “əyar” sözü əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə dəyişdirilərək “Aqarakadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°44′ şm. e., 45°20 ş. u.