Yelqovan

Yelqovan – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 40 km cənub-qərbdə, dəniz səviyyəsindən 1450 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. 1829-cu ildə bura Türkiyənin Bəyazid vilayətindən ermənilər köçürülüb yerləşdirilmişdir. 1897-ci ildə burada 15 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1905–1906-cı erməni silahlıları tərəfindən kənddən didərgin salınmışlar.

Toponim Azərbaycan dilində “toxumu külək vasitəsilə uzaqlara aparıb, burada tökülən bir bitki və onun dəni”, “süpürüm” mənasında işlənən “yelqovan” bitki adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir.

Hazırda kənd “Kotayk” adlanır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 44°39′ ş. u.