Qaraqala

Qaraqala – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 53 km cənub-şərqdə, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 403 nəfər, 1886-cı ildə 510 nəfər, 1897-ci ildə 599 nəfər, 1904-cü ildə 759 nəfər, 1914-cü ildə 860 nəfər, 1916-cı ildə 899 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalaraq kütləvi qırğınlara məruz qoyulmaqla deportasiya olunmuşlar. Kənddə 1918–1920-ci illərdə Türkiyənin Muş və Van vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə qayıda bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 60 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim rəng bildirən “qara”sözü ilə “qala”sözünün birləşməsindən əmələ gəlib “qara daşdan tikilmiş qalanın yanında olan kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21 iyun 1948-ci il tarixli fərmanı ilə dəyişdirilərək “Sevaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 44°47′ ş. u.