Kərpicli

Kərpicli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotyak, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 54 km cənub-qərbdə, İrəvan şəhərindən 11 km şərqdə, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir.

Kənddə 1873-cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904-cü ildə 188 nəfər, 1914-cü ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1928–1930-cu illərdə Türkiyənin Van, Rştu, Xizan, Abağa, Mokus, Qars vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etməyə məcbur olan azərbaycanlılardan sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 36 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə yenidən onlar öz doğma yurd-yuvalarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim kərpicli tayfasının adı əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Geğadir” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 44°39′ ş. u.