Çatqıran – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 50 km cənubda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “müsəlmanların yaşadığı Çatqıran”, Qafqazın beşverstlik xəritəsində “Cadqran”, erməni müəlliflərinin əsərlərində həm də “Çatıqran” kimi qeydə alınmışdır.
Kənddə 1828-ci il kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə İranın Xoy, Türkiyənin Ələşkirt və Muş vilayətlərində ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1831-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1840-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayırlar.
Toponim türk dilində “dağ beli, dağın çıxıntısı, qayalı yüksəklik, iki dərəni birləşdirən yer, yarğan, dərəli sıra dağlar”, “iki çay arasında yer” mənasında işlənən “çat” sözü ilə türk dilində (əslən monqol dilinə mənsubdur) “çəpər, hasar”, “düşərgə”, “heyvanlar üçün ağıl”, “yaşayış yeri”, “alaçıq” mənasında işlənən “kuren” (→quran →qıran →qran) sözündən əmələ gəlib “qayalıqda, iki dərənin, iki çayın arasında olan yaşayış yeri, kənd” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hrazdan”, 21 oktyabr 1967-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Gexaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°14′ şm. e., 44°43′ ş. u.