Ayısəsi – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 17 km şimal-şərqdə, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Aysəs”, “Aysayi”, “Aysası” formalarında qeydə alınmışdır. Kəndin adına IX əsr mənbələrində rast gəlinir. Kənddə VII, X–XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr (xaç daşları) indi də qalır.
Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 184 nəfər, 1931-ci ildə 288 nəfər, 1939-cu ildə 326 nəfər, 1959-cu ildə 232 nəfər, 1979-cu ildə 353 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim vəhşi heyvan mənasında işlənən “ayı” sözü ilə türk dilində “bataqlıq”, “iymiş”, “qoxumuş”, “nəm”, “rütubətli” mənasında işlənən “sas//sası” sözü əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qızılgül”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Arates” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 45°26′ ş. u.