Arqel – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırkı Kotayk vilayətində mövcud olmuşdur. Vilayət mərkəzindən 29 km cənub-qərbdə, Ərzini yaşayış məntəqəsindən 10 km şimalda, Zəngi (Hrazdan) çayının sağ tərəfində, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşirdi. 1972-ci ildən keçmiş Nairi rayonunun tərkibində olmuşdur. Kəndin digər adı “Arkel”dir.
Kənddə 1873-cü ildə 330 nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində azərbaycanlılar deportasiya olunmuş və kənddə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır. 1953-cü ildə Lusakert (Argel) kəndi ilə birləşdirilərək ləğv edilmişdir.
Toponim monqol dilində “şimal”, “arxa”, “dal, tərəf”, “dağın gün düşməyən tərəfi” mənasında işlənən “ar” sözü ilə, türk dilində “göl” mənasında işlənən “qel” sözünün birləşməsindən əmələ gəlmişdir. “Qel” “göl” sözünün fonetik variantıdır.