Sağmosavəng – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1620 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Savmosavəng” formasında qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 131 nəfər yalnız azərbaycanlı, ermənilərlə yanaşı 1873-cü ildə 100 nəfər, 1886-cı ildə 141 nəfər, 1897-ci ildə 185 nəfər, 1914-cü ildə 404 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər kəndə 1850-ci illərdən sonra köçürülmüşdür. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 65 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1953-cü illərdə zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür.
Toponim türk dilində “cığır”, “bataqlıqdan keçən çay keçidi” mənalarında işlənən “sakma // sokma” və türk dilində “qala” mənasında işlənən “vəng” sözlərindən əmələ gəlmişdir. Sakma // sokma sözü fonetik dəyişikliyə uğrayıb “sağma // soğma” formasına düşmüşdür. Toponim “cığır kənarında yerləşən qala yanında kənd, yaşayış yeri” mənasını ifadə edir. Erməni ədəbiyyatında kəndin adı “Sağmosavan” fonetik formasında əksini tapır.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°23′ şm. e., 44°23′ ş. u.