Nəzirəvan

Nəzirəvan – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Nəzərocaq qışlağı” kimi, Qafqazın beşverstlik xəritəsində isə “Nəzravan” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 194 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 448 nəfər, 1897-ci ildə 467 nəfər, 1908-ci ildə 553 nəfər, 1914-cü ildə 613 nəfər, 1916-cı ildə 573 nəfər, 1918-ci il də 553 nəfər, 1919-cu ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 152 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər kəndə 1923–1925-ci illərdə Türkiyədən köçürülmüşdür. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Nəzər şəxs adına urartu dilində “yer, ölkə” mənası bildirən “ebani” sözündən əmələ gələn “van//avan” topoformantının qoşulması yolu ilə formalaşmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı yenidən dəyişdirilərək “Kazaravan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°20′ ş. u.