Qızıldəmir – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 5 km cənub-qərbdə, dəniz səviyyəsindən 1040 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Qızıltamur” kimi qeyd edilir. Azərbaycandilli mənbələrdə səhv olaraq “Qızıl Teymur” kimi göstərilir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə və 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə “Qızıldəmir” kəndi formasında qeydə alınmışdır.
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə kəndə İrandan ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1870-ci illərin əvvəllərində azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşlar. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı qalmışdır. Onlar da XX əsrin əvvəllərində deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim qırmızı mənasında işlənən “qızıl” (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində “arx” mənasında işlənən “təmir” (→dəmir) sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Voskevaz” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 44°17′ ş. u.