Qaraşamb – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. 1972-ci ildən keçmiş Nairi rayonunun tərkibində olmuşdur. Nairi yaşayış məntəqəsindən 5 km məsafədə yerləşir.
Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 207 nəfər, 1886-cı ildə 192 nəfər, 1897-ci ildə 306 nəfər, 1908-ci ildə 363 nəfər, 1914-cü ildə 417 nəfər, 1916-cı ildə 381 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kənddə Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim qədim türk dilində “böyük” mənasında işlənən “qara” sözü ilə türk dilində “çay kənarlarlarında, iki çayın qovuşacağında qamış, yulğun, biyan və s. göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd-yuva saldığı sucaq yer” mənasında işlənən “şam” sözünün birləşməsindən əmələ gəlmişdir. “Şam” sözü erməni dilində “şamb” formasında “qamışlıq” mənasında işlənir.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Karaşamb” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°24′ şm. e., 44°35′ ş. u.