Karpi – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 2 km şimal-şərqdə, dəniz səviyyəsindən 1310 m hündürlükdə yerləşir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. Tarixən burada Kiçik Karpi və Böyük Karpi kəndləri olmuş, sonradan bu iki kənd birləşdirilmiş və “Karpi kəndi” kimi rəsmiləşdirilmişdir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.
Toponim türk dilində “şəhər”, “qala”, “möhkəmləndirilmiş yer” mənasında işlənən kar sözünə “-pi” şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır. “pi” elam dilində cəm bildirən şəkilçidir. Karpi toponimi “el”, “tayfa”, “qəbilə”, “yurd”, “ölkə” mənalarını ifadə edir.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°19′ şm. e., 44°22′ ş. u.