Ərqov

Ərqov – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 11 km şimal-qərbdə, Qalasız çayının sahilində, dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Ərqov kimi, Qafqazın beşverstlik xəritəsində Erqov formasında qeydə alınmışdır. Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı göstərilir. Əslində bu, tarixi həqiqəti saxtalaşdırmaqdır. Çünki 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Karpi nahiyəsinin tərkibində Əhmədin adına olan timara aid “Ərqov kəndi” adında əksini tapmışdır. Kəndin illik gəliri 4500 ağça olduğu göstərilir.

Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914-cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919-cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq kənddən qovulmuşlar. 1919–1920-ci illərdə bura Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər azərbaycanlı yaşamışdır. 1929–1930-cu illərdə azərbaycanlılar tamamilə deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “igid, qoçaq” mənasında işlənən “ər” (→or) sözü ilə qıpçaqlara məxsus “qov” (→kov) etnonimindən əmələ gəlib, “igid, qoçaq, qov tayfasına məxsus kənd” mənasını ifadə edir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Orqov” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°15′ ş. u.