Düzkənd

Düzkənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 21 km cənub-qərbdə, dəniz səviyyəsindən 1475 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.

Toponim Azərbaycan dilində “düzən, çöl, düzənlik, düzəngah” mənasında işlənən “düz” sözü ilə türk dilində “şəhər, yaşayış məntəqəsi” mənasında işlənən “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Baroj”, Ermənistan Respublikası parlamentinin 04 iyul 2006-cı il tarixli qərarı ilə yenidən dəyişdirilərək “Arevut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 43°47′ ş. u.